Mbappeyə qarşı plan üzə çıxdı – 18 yaşlı şübhəli dəstəni həbsxanadan idarə edirmiş
“Real Madrid”in və Fransa millisinin ulduzu Kilian Mbappe cinayətkar qrupun qaçırmağı planlaşdırdığı şəxslər arasında olub.
QELEBE.AZ xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Fransa polisi “Lester Z” ləqəbli 18 yaşlı Kleman L.-nin başçılıq etdiyi iddia olunan cinayət şəbəkəsi ilə bağlı araşdırma aparır. Şübhəlinin hədəfində futbolçular, repçilər və varlı iş adamları daxil olmaqla ümumilikdə 26 nəfər olub.
Araşdırma apreldə Neyulli-sur-Seyn şəhərində bir saat ustasına qarşı hücumdan sonra başlayıb. İstintaq zamanı Kleman L.-yə məxsus iki mobil telefonda 26 potensial hədəfin ünvan və məlumatlarının yer aldığı siyahı aşkarlanıb. Mbappe həmin siyahıdakı ən tanınmış şəxslərdən biri olub.
Gənc şübhəli həbsdə olduğu müddətdə də “Snapchat” vasitəsilə dəstə üzvlərinə göstərişlər verib.
Kleman L. avqustun 21-də Nanterdə mütəşəkkil dəstə halında oğurluq ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub və təcridxanada xüsusi rejimə yerləşdirilib. Onun bir neçə hücum və adam qaçırma planının təşkilatçısı olmasından şübhələnilir.

https://mail.qelebe.az//uploads/photo/mbappeye-qarshi-plan-uze-chixdi-18-yashli-shubheli-desteni-hebsxanadan-idare-edirmish.webp