Ata oyuna gələ bilmədi, oğlunu tapdılar – PFL-dən maraqlı addım - FOTO
Peşəkar Futbol Liqası (PFL) azarkeşlə bağlı maraqlı paylaşım edib.
Apasport.az xəbər verir ki, hadisə Elşən Hüseynov adlı "Kəpəz" azarkeşinin sosial şəbəkədə yazdığı şərhdən sonra yaşanıb.
O, dünənki oyundan qabaq "Kəpəz"ə uğurlar arzulayaraq 1999-cu il oktyabrın 31-də keçirilən “Neftçi” – “Kəpəz” qarşılaşmasını xatırlayıb. Hüseynov həmin görüşdə Tərlan Əhmədovun təxminən 40 metrdən vurduğu qolu unutmadığını, qapıda isə Hüseyn Məhəmmədovun dayandığını bildirib.
PFL azarkeşin şərhinə cavab verərək onu noyabrın 6-da keçirilən “Neftçi” – “Kəpəz” matçına dəvət edib. Lakin Elşən Hüseynov işlə əlaqədar Gəncədən Bakıya gələ bilməyəcəyini, əvəzində oğlunun dostları ilə birlikdə oyunu stadiondan izləyəcəyini bildirib.
PFL isə azarkeşin oğlunu tribunada taparaq şəklini çəkib və rəsmi sosial şəbəkə hesabında paylaşıb.
Qurum paylaşımda Elşən Hüseynova müraciət edib:
“Elşən Hüseynov, oğlunuzu tapdıq. Gələn dəfə sizi də gözləyirik!”

Qeyd edək ki, noyabrın 6-da keçirilən “Neftçi” – “Kəpəz” qarşılaşması paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

https://mail.qelebe.az//uploads/photo/ata-oyuna-gele-bilmedi-oglunu-tapdilar-pfl-den-maraqli-addim-foto.webp