Filipe Kandido: “Çempionluq və avrokubok hədəfimiz yoxdur”

Filipe Kandido: “Çempionluq və avrokubok hədəfimiz yoxdur”

Misli Premyer Liqasının III turunda keçirilən “Sumqayıt” – “Qarabağ” (0:1) matçından sonra meydan sahiblərinin baş məşqçisi Filipe Kandido mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

QELEBE.AZ xəbər verir ki, mütəxəssis ilk növbədə oyun haqqında təəssüratlarını bölüşüb:

"Nəticədən narazıyam, məğlub olduq, lakin deməliyəm ki, 11 nəfərlə oynadığımız müddətdə komanda yaxşı futbol sərgiləyirdi. Kadi Borgesin qırmızı vərəqə almasından sonra da epizodlarımız oldu, hətta “Qarabağ” da fərdi keyfiyyətlər hesabına şanslar yaratdı. Bura gəldiyim ilk günlə indiki vəziyyəti müqayisə edəndə oyun planında irəliləyiş görürəm. İkinci hissədə komanda cəsarət göstərdi, irəlidə pressinq etdi və qol imkanları yaratdı, sadəcə onları dəyərləndirə bilmədik. Baş məşqçi üçün ən vacibi odur ki, kollektiv oyundan-oyuna inkişaf etsin".

Kandido ardınca jurnalistlərin suallarını cavablandırıb:

– Komanda ilk matçlarla müqayisədə daha döyüşkən təsir bağışladı. İstədiyiniz “Sumqayıt”ı nə vaxt görəcəyik? 
– Vaxt barədə danışmağı sevmirəm. Məsələn, bir və ya iki ay sonra demək düzgün olmaz. “Formula 1” ilə müqayisə etsək, biz sanki yarışa axırıncı yerdən başlamışıq, lakin əminəm ki, mövsümün sonuna qədər hər rəqiblə mübarizə aparan, “Qarabağ” kimi güclü komandalarla qarşılaşmada yaxşı oyun və qələbə göstərə bilən bir kollektiv quracağıq. Mövsüm ərzində bunu hər kəs görəcək.

– Heyətdə qıtlıq hiss olunur. Masaki Murata komanda ilə məşq etməsinə baxmayaraq, niyə iştirak ərizəsində yoxdur? 
– Hazırda komandanın formalaşma dövrüdür və transfer pəncərəsinin bağlanmasına az qalıb, dəyişikliklər olacaq. Fərqli xarakteristikaya malik oyunçular axtarırıq. Həmçinin 12 legioner limiti var və risk edib kimisə dərhal siyahıya salıb sonra dəyişmək kimi bir lüksümüz yoxdur. Transfer dövrü bağlandıqdan sonra tam oturuşmuş heyəti meydanda görəcəksiniz.

– Rəhbərlik qarşınıza hansı hədəfi qoyub? 
– Əlbəttə, məşqçi kimi hər oyunda qalib gəlmək istəyirəm. Rəhbərliklə ilk görüşdən əsas müzakirəmiz ötən illə müqayisədə daha yaxşı nəticə əldə etmək olub. Konkret olaraq çempionluq və ya avrokubok hədəfi qoyulmayıb, lakin pillə-pillə inkişaf edən, gələcək üçün güclü bir komanda qurmağı hədəfləmişik.