Dambrauskas: “Sərgilədiyimiz oyundan çox razı qaldım”

Dambrauskas: “Sərgilədiyimiz oyundan çox razı qaldım”

Misli Premyer Liqasının III turu çərçivəsində keçirilən “Araz-Naxçıvan” – “Sabah” (0:1) matçından sonra qonaqların baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında oyunla bağlı təəssüratlarını bölüşüb.

Apasport.az xəbər verir ki, mütəxəssis avrokubok matçından sonrakı çətinliklərdən, hava şəraitindən və komandasının qələbəsindən söz açıb:

"Bu gün bizi necə bir oyunun gözlədiyini bilirdik, çünki avrokubok qarşılaşmasından, bu qədər emosiya və əlavə vaxtdan sonra asan olmayacağını anlayırdıq. Üstəlik, oyundan əvvəl yağan çox güclü yağış da matça təsir etdi. Stadiona gələndə hətta bu oyunu keçirə biləcəyimizi belə bilmirdik, çünki həddindən artıq yağış yağmışdı, amma komandanın çıxışından və sərgilədiyimiz oyundan çox razı qaldım. Hesab edirəm ki, ilk 45 dəqiqənin tamamında və ikinci hissədə daha çox üstünlük bizdə idi. Ardıcıl olaraq təhlükəli məqamlar yaradırdıq. Bəlkə hücumlarımızın son mərhələsində, xüsusən rəqibin cərimə meydançasında bir az kəsərlilik çatışmırdı, lakin ümumilikdə daha yaxşı oynayan tərəf idik və bu qələbəyə layiq idik. Qol qapıçının səhvindən sonra bir az qəribə alındı, amma qol qoldur. Əgər qapını toxunulmaz saxlayıb qol vura bilirsinizsə, həmişə qalib gələcəksiniz. Oyunun sonlarında, xüsusən bu günkü kimi 1:0 öndə olduğumuz halda, rəqib nəsə etməyə çalışır və biz bir neçə səhvimizə görə cəzalandırıla bilərdik. Bəxtimizdən bu gün qapıçımız əla formada idi və rəqibin iki təhlükəli zərbəsini dəf etdi. İndi ən vacibi yenidən Bakıya dönüb, növbəti oyuna hazırlaşmaqdır.  Şadam ki, bu gün yenə 3–4 mövqedə rotasiya etdik. Mövsümün əvvəlində çox şans qazanmayan oyunçulara bir az daha çox dəqiqə verdik. Deməli, hər şey plana uyğun getdi və indi irəli baxmaq, növbəti oyuna hazırlaşmaq vaxtıdır".