Formula 1-də tarixi rekord – 20 yaşlı pilot dünya çempionu oldu
“Mercedes” komandasının pilotu Kimi Antonelli 2026-cı il Formula 1 üzrə dünya çempionatının qalibi olub.
Apasport.az xəbər verir ki, italiyalı sürücü mövsümün 19-cu mərhələsi olan Meksika Qran-prisində üçüncü yeri tutaraq çempionluğunu rəsmiləşdirib.
Bununla da 20 yaşlı Antonelli mövsümün başa çatmasına dörd yarış qalmış dünya çempionu adını qazanıb. O, Formula 1 tarixində bu uğura imza atan ən gənc pilot olub.
İtaliyalı sürücü 2010-cu ildə 23 yaşında çempion olan Sebastyan Fettelin rekordunu yeniləyib. Antonelli həmçinin XXI əsrdə anadan olmuş ilk Formula 1 dünya çempionu kimi tarixə düşüb.
Gənc pilotun uğuru İtaliya üçün də tarixi əhəmiyyət daşıyır. Belə ki, ölkə təmsilçisi sonuncu dəfə 1953-cü ildə Alberto Askari ilə dünya çempionluğu qazanmışdı.
Meksika Qran-prisinin qalibi isə “Red Bull”un pilotu Maks Ferstappen olub. “Ferrari”dən Lüis Hemilton ikinci, Antonelli isə üçüncü yeri tutub.
Qeyd edək ki, cari mövsümdə 9 yarışda qalib gələn Antonelli 380 xalla pilotların sıralamasında birinci yerdədir. Ferstappen 261 xalla ikinci, Hemilton isə 259 xalla üçüncüdür. Mövsümün növbəti yarışı noyabrın 8-də Braziliyada keçiriləcək.

https://mail.qelebe.az//uploads/photo/formula-1-de-tarixi-rekord-20-yashli-pilot-dunya-chempionu-oldu.webp
