"Aston Villa" Ceymi Karrageri məhkəməyə verir: "Səsinizi kəsin" davası
İngiltərənin “Aston Villa” klubu sabiq futbolçu və hazırda televiziya şərhçisi kimi çalışan Ceymi Karragerə qarşı hüquqi tədbirlər görməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə klubun prezidenti Nasif Saviris açıqlama verib.
O, Karragerin klub və azarkeşləri haqqında səsləndirdiyi təhqiramiz ifadələrə görə məhkəməyə müraciət edəcəklərini bildirib.
“Ceymi Karragerin klubumuza və azarkeşlərimizə qarşı qəbuledilməz təhqirlərinə görə hüquqi tədbirlərə başlayacağıq. Heç kimə İngiltərə və Avropa futbolunda yüksəlişimizin qarşısını almağa imkan verməyəcəyik”, – deyə Saviris vurğulayıb.
Qalmaqala səbəb Karragerin “Stick to Football” verilişində səsləndirdiyi fikirlər olub.
Sabiq futbolçu “Aston Villa”nın baş məşqçisi Unai Emerinin “Mançester Yunayted”ə keçmək ehtimalını müzakirə edərkən Birmingem klubunun İngiltərə nəhəngi ilə eyni səviyyədə olmadığını bildirib.
“Aston Villa” heç vaxt “Mançester Yunayted” olmayacaq. Emeri yenidən böyük klubu çalışdırmaq fürsətini niyə istəməsin? Futbolda müəyyən iyerarxiya var. İstəsəniz də, istəməsəniz də, bu belədir. Məsələn, “Real Madrid” “Mançester Yunayted”in ən yaxşı futbolçusunu – Kriştianu Ronaldunu transfer etmişdi. “Aston Villa”dan aşağı səviyyədə olan klublar da var və onlar həmin komandaların futbolçularını, məşqçilərini heyətlərinə qatırlar. Ona görə də, “Aston Villa” azarkeşləri, səsinizi kəsin”, – deyə Karrager bildirib.
48 yaşlı ekspertin xüsusilə azarkeşlərə ünvanladığı kobud ifadə ciddi narazılığa səbəb olub.
Karrager daha sonra sosial şəbəkədə açıqlama verərək sözlərinin zarafat olduğunu bildirib. O, Emerinin “Mançester Yunayted”ə keçə biləcəyi barədə fikirlərinə görə “Aston Villa” azarkeşlərinin onu tənqid etdiyini və buna cavab verdiyini söyləyib.
Bununla belə, Birmingem klubu həmin izahatla kifayətlənməyərək hüquqi addımlar atacağını açıqlayıb.

https://mail.qelebe.az//uploads/photo/quotaston-villaquot-ceymi-karrageri-mehkemeye-verir-quotsesinizi-kesinquot-davasi.webp