"Tək "Qarabağ"ı yox, Azərbaycan klublarını ciddiyə almağa başlayıblar"
"Qarabağ" UEFA Konfrans Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda Niderlandın "Tvente" klubunu qəbul edəcək.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Öncə “Sabah”ı təbrik etmək istəyirəm. Çox böyük uğur əldə etdilər. Çempionlar Liqası yenidən bizim gözəl Bakımızda olacaq. Bizə gəldikdə isə, çox vacib oyuna çıxacağıq. Çox yaxşı və baxımlı futbol göstərən komandaya qarşı oynayırıq. Maraqlı oyun olacaq. Hər iki tərəfdən gedişlər olacaq. Azarkeşlərimizi sevindirməyə çalışacağıq. Hazırlığımız pis keçməyib".
- “Qarabağ” indiyə qədər səfərdə qalib gəldiyi oyunların yalnız birində uğursuz olub. “Tvente” APOEL qədər təhlükəlidir?
- APOEL və “Tvente”ni fərqləndirmək çətin olar. O qədər də asan cavab veriləsi sual deyil. Çünki fərqli komandalardır, bizim də fərqli komandamız var idi. Belə oyunlarda rəqibdən çox özümüzü dəyərləndirmişəm, hansı səviyyədə olduğumuza baxmışam. İstənilən dəyişiklikləri oyunun gedişində edə biləcəyik? Sağlam olmayan oyunçularımız var. Bir oyundur. İstənilən nəticə ola bilər. Amma belə şeylərə çox da önəm vermirəm. Səfərdə qalib gəldikdən sonra evdə cəmi bir matçda uduzmuşuq. Belə fikirlər mənə mane ola bilər. Hamımız bu oyuna fokuslanmışıq. Meydanda çox diqqətli olmalıyıq. Rəqibin hücum xəttində potensiallı oyunçular var.
- Müstəqillik dövründə kritik oyunlarda 3 matçda yerli futbolçular qol vuraraq komandalarını növbəti mərhələyə çıxarıblar. Nəriman Axundzadə, Bəhlul Mustafazadə, Tellur Mütəllimov… Legionerlərin çox olduğu dövrdə azərbaycanlıların qol vurması təsadüfdür, yoxsa yerlilərin xarakterini göstərir?
- Buna ancaq sevinə bilərik. Təsadüf deməzdim. Bəlkə də bu, onların alın yazısıdır. İllərboyu əldə olunan uğurlara geri dönəndə, onların da adı çəkiləcək. Azərbaycanlıların burada olması sevindiricidir. Hər bir oyunçunun üzərinə düşən məsuliyyət var. Layiqincə öhdəsindən gəlirlərsə, buna böyük dəyər verə bilərik. Futbolçuları da ayrı-ayrılıqda təbrik edirəm. Bəzən oyunçular davamlı oynamırlar, az meydana çıxırlar, bəzən unudulurlar.
- Səfərdə qalib gəlmisiniz. Bu cür oyunlarda sizin üçün əsas təhlükə nədir?
- Təhlükə bizim hesabda öndə olmağımızdır. Rəqib daha ciddi hazırlaşacaq. Hesabda öndə olmağımız bizim üçün əlavə üstünlükdür. Niderland çempionatında avrokubokların pley-off mərhələsində oyunlar olmur. Bu, komandaların yaxşı hazırlaşması üçündür. Rəqib bir həftə ərzində yaxşı hazırlaşıb. Təhlükə gözləmirik. Bizim özümüzün oyuna necə fokuslanacağımız çox vacibdir. “Tvente” mənim üçün çox maraqlı, baxımlı futbol oynayır. Özüm də belə futbol xoşlayıram. Sistematik, hər hücumun, hər addımın düşünüldüyü futbol oynayırlar. Gedişatda daim oyunun içində olmalıyıq.
- Bilirik ki, gənc futbolçularla işləməyi sevirsiniz. Ehtiyac yaranarsa, Hikmət Cəbrayılzadə və Əli Bəşirov oyunun ağırlığına psixoloji cəhətdən hazırdırlar?
- Hikmətdə problem olmaz. Çünki nə qədər vaxtdır bizimlədir, kollektivin içindədir, bəzi oyunlarda da iştirak edib. Amma Əli Bəşirov üçün bəlkə risk olar. Çünki bu komandada avrokuboklarda ilk dəfə meydana çıxanda həyəcanı hiss olunurdu. Bu da sevinc həyəcanı idi. Hansısa risklərə getmişik, hansısa böyük səhvlər etmişik. Az da olsa, bu səviyyəyə çatmışıq. İstənilən halda onları meydana buraxmağa çəkinməyəcəyəm. Lazım olsa, buraxacağam.
- “Qarabağ”ın heyətində dəyişiklik gözlənilir?
- Tapşırıqlar mütləq olacaq. Bəzi səhvləri aradan qaldırmalıyıq. Rəqibin çox dəyişiklik edəcəyinə inanmıram. Oyunlarını təhlil etmişik, daha çox meydanda olan heyətləri var. Bir həftə ərzində yaxşı hazırlaşmaq imkanları olub. Bizdə də ciddi dəyişiklik gözlənilmir. Oyunçu problemlərinə görə bu addımı ata bilərik. Hücum davranışında dəyişiklik ola bilər. Sabah hər birimizi maraqlı oyun gözləyir.
- Musa Qurbanlının sabahkı matçda start heyətində yer alması realdır?
- Bu gün məşqimiz var. Ola bilər ki, sabah səhər son məşqimizi edək. İstənilən oyunçunun meydanda olmaq şansı var. Musa son vaxtlar özünü yaxşı tərəfdən göstərir. Zədədən sonra xeyli dəyişiklik olub. Daha da yaxşı olmasını istəyirik. Gözləyirik. Oyunçunun da buna ehtiyacı var. Çünki getdikcə təkcə “Qarabağ”ı yox, Azərbaycan klublarını da ciddiyə almağa başlayıblar. Bu, bizim üçün problemdir. Amma inkişaf üçün sıçrayışdır. “Sabah”ın uğurlu nəticəsindən sonra inanmıram ki, Azərbaycanın istənilən klubuna avrokuboklarda elə-belə yanaşsınlar. Bunun faydası olacaq, ziyanı yox.
- Dieqo Rosanın “Qarabağ”a gələ biləcəyi iddia edilir…
- Bilmirəm. Ola bilər, olmaya da bilər. Çoxlu oyunçular var. Hər gün hansısa adlar gündəmə gəlir.

https://mail.qelebe.az//uploads/photo/quottek-quotqarabagquoti-yox-azerbaycan-klublarini-ciddiye-almaga-bashlayiblarquot.webp