Azərbaycanın stolüstü tennis üzrə milli komandaları Qazaxıstanda təşkil olunan Avrasiya Liqasında mübarizəni davam etdirirlər.
QELEBE.AZ xəbər verir ki, qadınlardan ibarət yığmamız baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında bu gün yarışın üçüncü turunun Pavlodarda keçiriləcək görüşlərinə çıxacaq.
Ləman Abdulhəmidova, Aylin Əsgərova və Şəbnəm Mansurovadan ibarət komandamız turnirdə ölkəmizi təmsil edir.
Oğlanlardan ibarət seçmə komandamız isə baş məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Almatı şəhərində üçüncü turun oyunlarını keçirəcək. Onur Quluzadə, Adil Əhmədzadə və Rüstəm Hacılıdan ibarət heyət mübarizəyə qoşulacaq.
Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan və Türkmənistan təmsilçilərinin iştirak etdiyi Avrasiya Liqasında iki turun nəticələrinə əsasən, hər iki Azərbaycan komandası 12 kollektivin yer aldığı turnir cədvəlinə başçılıq edir.
Üçüncü tura noyabrın 8-də yekun vurulacaq. Yarışın sonuncu turunun görüşləri isə dekabr ayında keçiriləcək.