Qelebə.az / Çempionlar Liqasının ağır üzü: “Sabah” uduzdu, amma...

Çempionlar Liqasının ağır üzü: “Sabah” uduzdu, amma...

Bu gün, 11:20

Bəzən futbol matçının nəticəsini qiymətləndirərkən hesab tablosundan kənara baxmaq lazımdır. Çünki hər məğlubiyyət uğursuzluq, hər qələbə də mütləq üstünlük demək deyil. “Sabah”ın Norveçdə “Vikinq”ə 1:4 hesabı ilə uduzması da məhz bu qəbildəndir. Nəticə ağırdır, amma bu rəqəmlərin arxasında həm düşündürücü məqamlar, həm də unutmamalı olduğumuz, qürur duyulası bir həqiqət dayanır.

Əvvəlcə bir məsələni qəbul edək: “Sabah” bu qarşılaşmada dörd top buraxacaq qədər zəif futbol oynamadı. Xüsusilə ilk hissədə rəqibindən çəkinməyən, öz oyununu diqtə etməyə çalışan və qol vurmağı bacaran komanda gördük. Norveç səfərinə yalnız müdafiə olunmaq üçün getməmişdik. “Sabah” hücum etdi, imkanlar yaratdı, hesabda önə keçdi və müəyyən müddət meydan sahiblərini ciddi çətinlik qarşısında qoydu.

Amma Çempionlar Liqasının öz reallıqları var. Burada yaxşı oynamaq kifayət etmir, yaxşı oyunu 90 dəqiqə ərzində qorumaq lazımdır. Bir anlıq diqqətsizlik, mövqe səhvi və ya uğursuz qərar bütün zəhməti puça çıxara bilir. “Sabah”ın müdafiədə yol verdiyi xətalar da məhz belə oldu. Rəqibin yaratdığı təhlükələrdən daha çox, bəzi epizodlarda öz səhvlərimizin cəzasını çəkdik.

Digər vacib məqam fiziki hazırlıqdır. Azərbaycan çempionatında mübarizə aparmaqla Avropanın ən yüksək səviyyəsində rəqabət aparmaq arasında ciddi fərq var. Sıx oyun qrafiki, uzun səfərlər, bərpa üçün məhdud vaxt və yüksək temp futbolçulardan böyük enerji tələb edir. “Sabah”ın ikinci hissədə əvvəlki intensivliyi qoruya bilməməsi də təsadüfi görünmürdü. Üstəlik, Simiçin zədəsi və Makkartinin qırmızısı komandanın işini daha da çətinləşdirdi.

Əlbəttə, məşqçilər korpusunun qərarlarını da müzakirə etmək olar. Start heyətindəki bəzi seçimlər, əvəzetmələrin vaxtı və oyunun gedişinə müdaxilələr suallar doğurur. Valdas Dambrauskasın da bu qarşılaşmadan çıxaracağı dərslər var. Ancaq bütün məsuliyyəti bir nəfərin üzərinə qoymayaq. Bu səviyyədə uğur qazanmaq üçün həm futbolçular, həm məşqçilər, həm də klub olaraq daha da böyümək lazımdır.

Bütün bunları bir kənara qoyub daha böyük mənzərəyə baxaq. Bunu hər dəfə xatırlamalı, xatırlatmalıyıq. Adiləşib itməməlidi.

Biz bu gün “Sabah”ın Çempionlar Liqasında niyə 1:4 uduzduğunu müzakirə edirik. Bir vaxtlar isə Azərbaycan klublarının bu səviyyədə mübarizə aparması belə uzaq xəyal təsiri bağışlayırdı.

Bu, kiçik məsələ deyil.

Avropanın ən nüfuzlu klub turnirində Azərbaycan təmsilçisinin olması, qitənin güclü komandaları ilə eyni səhnəni bölüşməsi və həmin rəqiblərə qarşı öz futbolunu oynamağa çalışması özü böyük hadisədir. Biz artıq bu turniri yalnız televizordan izləyən tərəf deyilik. Orada bizim də komandamız var. Bizim də futbolçularımız Çempionlar Liqasının himni altında meydana çıxırlar. Biz də bu səviyyədə qələbə qazanmağı, xal toplamağı və daha irəli getməyi arzulayırıq.

Ən əsası, bunu adi hadisə kimi qəbul etməyə başlamışıq. Bilmirəm, bəlkə də inkişafın ən gözəl göstəricisi elə budur.

İndi “Sabah”dan nəticə tələb edirik, müdafiədəki səhvləri tənqid edirik, baş məşqçinin qərarlarını sorğulayırıq. Çünki bu komandanın daha yaxşısına qadir olduğuna inanırıq. Bir neçə il əvvəl xəyal etdiyimiz səviyyədə bu gün daha artığını istəməyimiz... Bəlkə də belə olmalıdır.

Lakin tələbkarlıqla reallıq hissini itirmək arasında incə bir sərhəd var. “Sabah”ın Çempionlar Liqasındakı rəqiblərinin bir çoxu illərlə bu səviyyəyə uyğun sistem qurub, yüksək tempə və beynəlxalq təcrübəyə yiyələnib. Bizim təmsilçimiz isə həmin mühitdə öz yerini möhkəmləndirməyə çalışır. Bu prosesin səhvsiz, məğlubiyyətsiz keçəcəyini gözləmək düzgün olmaz.

“Sabah”ın qarşısında daha çətin sınaqlar var. Yenə uduzacaq, yenə səhvlər edəcək. Amma məhz belə oyunlar komandanı böyüdəcək. Çempionlar Liqasında qazanılan təcrübəni yalnız məşqlərlə, yerli çempionat oyunları ilə əldə etmək mümkün deyil.

Bəli, biz Norveçdən xalla qayıda bilərdik. Bəlkə də, imkanlarımızdan daha düzgün istifadə etsəydik, tamamilə fərqli nəticəyə sevinəcəkdik. Ancaq alınmadı. Bu məğlubiyyəti qəbul etmək, səbəblərini araşdırmaq və nəticə çıxarmaq lazımdır.

Bununla belə, bir məğlubiyyətə görə keçilən yolu unutmaq olmaz.

“Sabah” artıq Azərbaycan futboluna böyük sevinc yaşadıb. Bu komanda çoxlarının arzuladığı səviyyəyə yüksəlib və bizə Avropanın ən böyük futbol səhnəsində öz təmsilçimizi izləmək imkanı yaradıb.

Bu gün bizə düşən yalnız hesab tablosuna baxıb məyus olmaq deyil. Həm də həmin səhnədə olduğumuzun dəyərini bilməkdir.

Çempionlar Liqasında məğlub olmaq ağrılıdır. Amma orada ümumiyyətlə iştirak edə bilməmək daha ağır idi, xatırlayırsınız da?

“Sabah”a səhvlərinə görə irad bildirək, daha yaxşı oyun tələb edək, amma gördüyü böyük işi də qiymətləndirək.

Biz bu səviyyədə olmaqdan həzz almağı bacarmalıyıq. “Sabah” isə bizə məhz bunu yaşatdığı üçün təşəkkürə layiqdir.

Geri qayıt