“Şaxtyor”un baş məşqçisi Arda Turan UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Sportinq”ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis mətbuat konfransında komandasının çıxışından razı qaldığını bildirib.
“Növbəti matçda da eyni şəkildə oynamağa razıyam. Bu oyunla bağlı heç nəyi dəyişmək fikrində deyiləm. Komandamın çıxışından razıyam. Sadəcə, futbolçularım cərimə meydançasında topun qədrini bilsələr, çox sevinərəm”.
Turan növbəti turda qarşılaşacaqları “Fənərbaxça” və komandanın baş məşqçisi Emre Belözoğlu barədə də danışıb:
“Emre Belözoğlu həyatımda çox önəmli yeri olan insandır. Futbolçu olduğumuz dövrdə aramızda böyük-kiçik qardaş münasibəti olub. Onunla Çempionlar Liqası səviyyəsində qarşılaşmaqdan zövq alacağıq. Çox maraqlı və həyəcanlı oyun olacağını düşünürəm.
Uşaqlıqdan bəri ən çox rəqabət aparmaq istədiyim komanda “Fənərbaxça” olub. Açığını desəm, onlara nifrət etmirəm. Vaxtilə onlar haqqında xoşagəlməz sözlər demişəm, bir-birimizlə zarafatlaşmışıq və rəqabət aparmışıq. Amma əslində, onlara nifrət etmirəm. Çünki onlar mənim rəqabətimin ən önəmli səbəblərindən biri olub. Ən böyük həyəcanlarımı onlara qarşı yaşamışam.
İndi isə Çempionlar Liqasında, “Stemford Bric”də Emre ilə rəqib olmaq... Bundan gözəl nə ola bilər? Nəticənin necə olacağını bilmirəm. Amma azarkeşlərə, gənclərə və uşaqlara maraqlı oyun izlətmək üçün əlimizdən gələni edəcəyik.
Ona və ailəsinə hər zaman ən yaxşısını arzulayıram. Övladları mənim üçün qardaşımın uşaqları kimidir. Möhtəşəm qarşılaşma olacaq. Qürur duyacağımız an yaşayacağıq. Hesab necə olursa-olsun, bu oyunu həyatımın ən gözəl xatirələrindən biri kimi yadda saxlayacağam”.
Qeyd edək ki, Arda Turanın rəhbərlik etdiyi “Şaxtyor” Çempionlar Liqasının Liqa mərhələsinin V turunda Emre Belözoğlunun çalışdırdığı “Fənərbaxça” ilə qarşılaşacaq. Noyabrın 25-də Londondakı “Stemford Bric” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.