Qelebə.az / Estoniya yığmasının baş məşqçisi: “Oyunun sonlarına əsasən deyə bilərik ki, yaxşı qurtardıq”

Estoniya yığmasının baş məşqçisi: “Oyunun sonlarına əsasən deyə bilərik ki, yaxşı qurtardıq”

17-06-2023, 22:15

“Oyunun sonlarına əsasən deyə bilərik ki, yaxşı qurtardıq”.

“QELEBE.AZ”un məlumatına görə, bunu Estoniya yığmasının baş məşqçisi Tomas Heberli Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçə etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

İsveçrəli mütəxəssis “Dalğa Arena”dakı qarşılaşmanın ardından kollektivindən razılıq bildirib: “Ümumilikdə qarşılıqlı fürsətlər oldu. Bu mənada 1:1 hesabından razı qalmaq olar. Rəqib hesabda geridə idi, nəsə etməli idi. Fasilədən sonra sistemi dəyişdilər. Onların fasilədən sonra üstümüzə gələcəyini gözləyirdik. Birinci hissədəki çıxışımızdan razı qaldım. Hətta şanslarımızdan yararlana bilmədik”.

O əvəzləmələrin hamısından istifadə etməməsinə aydınlıq gətirib: “Müdafiə ilə hücum arasında balansı tapmaq lazım idi. Rəqib də fasilədən sonra yaxşı çıxış edirdi. Ağıllı oynamalı, düzgün dəyişiklik etməli idik. Ümumilikdə komandamız yaxşı oynadığı üçün bütün əvəzləmələrdən istifadə etmədik”.

Heberli bu komandaların Estoniyadakı duelində də buna bənzər mübarizə gözlədiyini vurğulayıb: “Estoniyada da bərabər səviyyədə oyun olacağını düşünürəm. Ümumiyyətlə, hər matç çətin olacaq. Azərbaycanla müqayisədə hava bir az isti ola bilər”.

Geri qayıt