Dörd iddiaçı, bir çempion – Qızıl medallara kim daha yaxındır?

Dörd iddiaçı, bir çempion – Qızıl medallara kim daha yaxındır?

Misli Premyer Liqasında mübarizə davam edir. Uzun illərdən sonra ilk dəfə çempionatda bu qədər ciddi rəqabətin şahidi oluruq. Liderlə beşinci pillədə qərarlaşan komandanı cəmi 5 xal ayırır. Rəqabətin güclənməsinin Azərbaycan futboluna qazandırdığı bir çox müsbət məqam var. Bu mövzuya bir qədər sonra qayıdacağıq…

Hər şey yay fasiləsində başladı. Artıq iyulun sonu, avqustun əvvəlində dörd klub açıq şəkildə hədəfinin çempionluq olduğunu bəyan etmişdi.

Mövsümün ilk sensasiyası “Sabah”dan gəldi. Valdas Dambrauskasın yetirmələri ilk cəhdində Çempionlar Liqasının əsas mərhələsinə yüksəldi və bununla da ötən mövsüm qazanılan uğurun təsadüfi olmadığını göstərdi.

Komanda bir çox göstəricidə rəqiblərini aşkar şəkildə qabaqlayır. Heyətin tam formalaşması, futbolçular arasındakı qarşılıqlı anlaşma və möhtəşəm keçən ötən mövsümdən sonra yaranan özünəinam “bayquşlar”ı çempionluq yarışının əsas favoritinə çevirir.

Hətta Bakı klubunun üç fərqli heyət formalaşdırmağa imkan verən geniş oyunçu ehtiyatına malik olduğunu vurğulamaq olar. Yayda həyata keçirilən məqsədyönlü transferlər də “Sabah”ın gücünə güc qatıb.

“Qara-çəhrayılar” Çempionlar Liqasında keçirdikləri ağır matçlara baxmayaraq, daxili çempionatda hələ də məğlubiyyətsiz irəliləyirlər. Komanda bu gərgin dövrdə həm “Neftçi”, həm də “Qarabağ”la qarşılaşıb və hər iki görüşdən məğlubiyyətsiz ayrılıb.

Lakin avrokubok təqvimi uzundur. Bütün diqqətin beynəlxalq arenaya yönəlməsi və çempionatda buraxılacaq bir neçə səhv “Sabah”a ciddi zərər vura bilər. Görünür, rəqiblərin də əsas ümidi məhz bununla bağlıdır.

Ötən mövsüm bütün turnirlərdə “Sabah”dan geri qalan “Qarabağ” da yenidən çempionluğu hədəfləyir. Komandanın əsas üstünlükləri Qurban Qurbanovun taktiki zəkası və keyfiyyətli legionerləridir.

Düzdür, ağdamlıların heyəti “Sabah”la müqayisədə daha çox yenilənib. Futbolçular arasında qarşılıqlı anlaşma hələ tam formalaşmayıb. Artıq meydanda uzun illər birlikdə çıxış etmiş, avrokubok təcrübəsi ilə seçilən əvvəlki heyət yoxdur. Beş-altı futbolçunu çıxmaq şərtilə, oyunçuların əksəriyyəti “Qarabağ”ın uzunmüddətli hegemonluğunu komandanın daxilində yaşamayıb.

Ağdam təmsilçisi ilk növbədə futbolçularına qalibiyyət ruhunu yenidən aşılamalı, özünəinamı bərpa etməlidir. Son matçlarda müşahidə olunan mənzərə də komandanın məhz bu istiqamətdə irəlilədiyini göstərir.

Meydanda əvvəlki hegemon “Qarabağ”ı görməsək də, komanda nəticə qazanır və son çempiondan geri qalmamağa çalışır.

Yuri Vernidubun rəhbərliyi altında növbəti mövsümünü keçirən “Neftçi”də də işlər yolunda gedir. Bakı təmsilçisi nəhayət, uğurlu transferlər həyata keçirib və heyətin formalaşdırılmasında düzgün qərarlar verib.

Komandada artıq qalib psixologiyası hiss olunur. “Ağ-qaralar” favorit sayıldıqları qarşılaşmalarda xal itirmir, turnir cədvəlinin aşağı pillələrində qərarlaşan rəqiblərinə ciddi şans tanımırlar.

“Neftçi”nin əsas üstünlüklərindən biri isə yerli futbolçulara verdiyi şansdır. Paytaxt təmsilçisi həm “Sabah”, həm də “Qarabağ”la müqayisədə daha çox azərbaycanlı futbolçudan istifadə edir və onlara müntəzəm oyun imkanı yaradır.

Bu, yalnız cari mövsümün nəticələri baxımından deyil, Azərbaycan futbolunun gələcəyi üçün də müsbət məqamdır.

Mövsümün əvvəlində qızıl medallar uğrunda mübarizə aparacağı gözlənilən “Turan Tovuz” da yarışdan qopmayıb. Lakin komandanın oyun planı və heyətinin keyfiyyəti digər üç iddiaçı ilə müqayisədə müəyyən suallar doğurur.

Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv nəticə qazanmaq potensialına malik olsa da, nümayiş etdirdiyi futbol çempionluq iddiasını tam əsaslandırmır.

Təcrübəli mütəxəssisin ehtiyatlı, daha çox müdafiə intizamına və minimal hesablı qələbələrə hesablanan oyun fəlsəfəsi əvvəlki qədər effektiv görünmür. Bu yanaşma azarkeşlərin də gözləntilərini tam qarşılamır.

“Turan Tovuz”un çempionluq yarışında sona qədər qalması üçün təkcə nəticələrini qoruması deyil, oyun keyfiyyətini də artırması vacibdir.

Bəs çempion kim olacaq?

Hazırkı mənzərə “Sabah”ı çempionluğa ən yaxın komanda kimi göstərir. Heyətin keyfiyyəti, ehtiyat qüvvənin zənginliyi və oturuşmuş oyun sistemi Valdas Dambrauskasın kollektivini rəqiblərindən bir addım önə çıxarır.

Lakin “Qarabağ”ın çempionluq təcrübəsini, “Neftçi”nin yüksələn formasını nəzərə alsaq, rəqabətin sona qədər davam edəcəyini proqnozlaşdırmaq olar.

Bütün bunların fonunda ən böyük qazanc Azərbaycan futbolunundur.

Uzun illər bir komandanın dominantlığı şəraitində keçən çempionat indi hər turun nəticəsinin xüsusi əhəmiyyət daşıdığı yarışa çevrilib. Artıq liderlər yalnız öz aralarındakı görüşlərdə deyil, digər rəqiblərlə qarşılaşmalarda da xal itirmək təhlükəsini ciddi qəbul edirlər.

Bu isə klubları heyətlərini gücləndirməyə, məşqçiləri yeni taktiki həllər axtarmağa, futbolçuları isə daim yüksək səviyyədə çıxış etməyə məcbur edir.

Rəqabətin artması azarkeş marağına da müsbət təsir göstərir. Stadionlara gələn tamaşaçıların sayındakı artım bunun göstəricilərindən biridir.

Ən əsası, çempionatın taleyi əvvəlcədən həll olunmuş görünmür. Azərbaycan futbolunun illərdir ehtiyac duyduğu da məhz belə rəqabətdir.

Bu gün favorit “Sabah”dır. Amma çempionluğun taleyini kağız üzərindəki üstünlük yox, mövsümün sonuna qədər qorunacaq sabitlik müəyyənləşdirəcək.