Rəşad Sadıqov: “Qurban Qurbanov daha güclü dönəcək”
Misli Premyer Liqasının III turunda "Zirə" "Neftçi"ni məğlub edib - 1:0.
QELEBE.AZ xəbər verir ki, matçdan sonra "qartallar"ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.
"Olduqca maraqlı oyunun şahidi olduq. İlk dəqiqələrdən meydanda aqressiv oyun gedirdi. Taktiki döyüş gedirdi. Heç kim bir-birinə güzəşt etmək istəmirdi. Birinci hissədə eyni səviyyədə oyun keçdi. İkinci hissədə daha sürətli oynamağa çalışdıq. Qəti şəkildə müdafiəyə oturmaq istəmirdik. şükürlər olsun ki, futbolçularımız tapşırıqları yerinə yetirdilər, əzmkar mübarizə apardılar. Qarşımızda çox güclü rəqib var idi. Son 2 turda, avrokuboklarda da "Neftçi"nin gücü bəlli idi. Vacib üç xal qazandıq. Futbolçuları, rəhbərliyi təbrik edirəm. Bu gün futbolçularımın əzmkarlığı ilə fəxr etdim".
- Yuri Vernidub qeyrir-rəsmi dedi ki, hakimlər "Zirə"ni sevir, üç oyunda da eyni ssenari olub...
- Bir az öncə "CBC Sport"da da eyni sual ünvanlandı mənə. Eyni sözlər deyəcəm. Son iki oyunda sadəcə bir hakim səhvi var idi. Orada da bərabər səviyyəli oyun keçirdi, rəqib fərqləndi. Sonradan oyunu üzərimizə götürdük, daha yaxşı oynadıq. Biz də etiraf etdik. Yuri Verniduba böyük rəğbətim var, məşqçi kimi, davranışları.. Sevinirəm ki, bizdə belə məşqçi işləyir. O, 5-6 aydır buradadır. Bilmir ki, illər boyu "Zirə" neçə il hakim səhvlərindən əziyyət çəkib. Hansısa mübahisəli epizod xatırlamıram. Ola bilər emosionaldır, yaddaşında da o oyun qalıb, belə fikir deyib. Mənim üçün ona qarşı hisslərim dəyişilməz olaraq qalır.
- Nədənsə narazı qaldığınız məqam oldu? Oyun planında...
- Son ötürmələrdə, son zərbələrdə daha dəqiq olsaydıq..Bu tip rəqiblərə qarşı bir top fərqi ilə qalib gəlmək çox çətindir. Son dəqiqələrdə üzərimizdə basqı yaratmışdılar. Davit Volkovun qaçırdığı qol epizodu var.
- Final fitindən sonra Verniduba tərəf getdiz, amma salamlaşmadı...
- Doğrudur. Yaxınlaşıb sağollaşmaq istədim. Birbaşa paltardəyişmə otağına getdi. Üçüncü oyundur aramızda. Keçən oyunun sonu da gərgin keçmişdi. Ondan sonra da əlimizi sıxmışdıq. "CBC Sport"a açıqlamadan qayıtdıqdan sonra bildirdim ki, yaxınlaşmışdım. O da dedi ki, məyus idim deyə, paltardəyişmə otağına getdim.
- Junior Martinsi pul əldə etmək üçün satdınız, yoxsa necə?
- Junioru satmaq planlarımıza daxil deyildi. Biz sol vingerlərə baxmırdıq ki, Eren və Junior var. Junior mənimlə uzun-uzadı danışdı, çox yaxşı təklif gəlmişdi. Rəhbərliyimizə bildirdim. Onlar da transferin qarşısını almaq istəmirdi. Bizdə çox uğurlu çıxış edirdi. Çox faydalı idi, "Torpedo"ya qarşı yaxşı idi. Maliyyə qazancımız da oldu. Bu da mütləq olmalıdır. Gələn futbolçu düşünməlidir ki, bu klubdan harasa getmək lur. Rəhbərlik bizə 4-5 transferə imkan verib. Biz sadəcə seleksiya aparırıq. Ciddi ehtiyat qüvvəmizdə problemimiz var. İssa Cibralını ehtiyatda saxladıq. Şifahi iki futbolçu ilə anlaşmışıq. Sadəcə imza atılmayınca nəsə demək olmur.
- Qarşıda ağır qrafikiniz var. Bu haqda fikriniz necədir?
- Bizim üçün hər oyun üç xal üç xaldır, bir xal bir xaldır. Ötən mövsüm asan oyun görünən 6 matçda xal itirmişik. Sonda da avrokuboklardan bizi məhrum etdi. "Qarabağ"la oynadıq və ya "Şəfa" ilə oynadıq, fərqi yoxdur. Doğrudur, rəqib olaraq fərqlidir. Rəqibləri fərqləndirmirik. Üst-üstə belə 4 oyun keçirmək də istəməzdim. Səfərdə "Sabah"la qarşılaşacağıq. Onları da ürəkdən təbrik edirəm. Onlara uğurlar arzulayırıq.
- "Qarabağ"ın avrokuboklara düşə bilməməsinə görə Qurban Qurbanova olan tənqidlər haqda fikriniz necədir?
- Məyusluq yaşayıram. O fikirləri səsləndirən bəzi insanlara görə bu məyusluğu yaşayıram. Onların adına, heyfslənirəm. Bu söhbəti dostlarıma demişəm, heyfslənirəm ki, həqiqətənmi bu təfəkkürdəyik? "Qarabağ" əllərindən gələni etdi. Rəqib çox ciddi idi, püşk də çox ağır gətirirdi."Dinamo" (Kiyev), "Tvente"...Zədələr..bu məqamlar olduqca önəmlidir. Hər şeyin uğurlu alınması üçün...Vəziyyəti hamımız başa düşürdük. Bu cür vəziyyətlərdə nə etmək olar? İlk oyunda alındı, amma cavab görüşündə rəqib bir az da "Qarabağ"ı daha yaxşı tanıdı və ikinci oyuna çox motivasiya ilə çıxmışdılar. Düşünürəm ki, Qurban müəllim daha da güclü dönəcək. Təsəvvür edin, deyirəm ki, uduzmaq limiti yoxdur. bir oyun uduzur millidən göndərilir,.. 12 il bura qədər gəlmək fantastik göstəricidir.

https://mail.qelebe.az//uploads/photo/reshad-sadiqov-qurban-qurbanov-daha-guclu-donecek.webp