Rauf Əliyev “Sabah”a inanır: “Eyni ssenari təkrarlana bilər”

Rauf Əliyev “Sabah”a inanır: “Eyni ssenari təkrarlana bilər”

“Sabah”a inamımız böyükdür”.

Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Rauf Əliyev deyib.

Veteran futbolçu “Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanacağına ümid etdiyini bildirib:

“Bayquşlar”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanacağına çox ümidliyik. İlk görüşdə komandanın məğlub olmasına baxmayaraq, cavab qarşılaşmasında əlindən gələni edəcəyini düşünürəm. “Hapoel” güclü komandadır. Bunu ilk oyunda bizə göstərdi. Amma “Sabah” III təsnifat mərhələsində “Orhus”a qarşı da ilk görüşdə səfərdə məğlub olmuşdu. Lakin evdə turu adlamağı bacardı. İnanıram ki, bir daha eyni ssenari təkrarlanar və sevinən tərəf biz olarıq”.

R.Əliyev “Sabah”ın ilk görüşdə təzyiqə tab gətirə bilmədiyini, lakin cavab oyununda doğma meydan amilinin önəmli rol oynayacağını vurğulayıb:

“İlk oyunda çox yaxşı çıxış etməsinə baxmayaraq, “Sabah” təzyiqə tab gətirə bilmədi. Amma doğma meydan amilinin öz sözünü deyəcəyini düşünürəm. “Bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskası da gözardı etmək olmaz. O, artıq nələr edə biləcəyini bizə və futbol azarkeşlərinə göstərib. Bu oyuna da hərtərəfli hazırlaşıb. Artıq rəqibi daha yaxşı tanıyır”.

Qeyd edək ki, “Sabah” – “Hapoel” matçı Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.