“Qarabağ”ın kapitanı: “Çempionat əvvəlkindən daha çətin keçir”
“Çempionat əvvəlkindən daha çətin və yüksək səviyyədə keçir”.
Bunu “QELEBE.AZ”a açıqlamasında həndbolçu qadınlardan ibarət “Qarabağ” komandasının kapitanı Minayə Məmmədova Azərbaycan çempionatındakı mübarizə ilə bağlı danışarkən deyib.
Onun fikrincə, əcnəbi həndbolçuların komandalara cəlb olunması çempionata müsbət təsir göstərib: “Düzdür, biz legionerlər gətirərək heyətimizi gücləndirdik. Ancaq “Kür” və “Azəryol” da gücləniblər. Əcnəbilərlə bir yerdə çıxış etmək bizim kimi yerlilərin də inkişafına təkandır. Artıq mən də özümdə bu inkişafı hiss edirəm. Başqa ölkələrdə təlim-məşq toplanışı keçmək, beynəlxalq turnirlərə qatılmaq komandalarımızı daha da gücləndirər. Bu isə yalnız Azərbaycanda həndbolun inkişafına kömək olar”.
Minayə Məmmədova ölkə çempionatının VI turunda “Kür” üzərində 29:25 hesablı qalibiyyəti də dəyərləndirib: “Bu oyunu səbirsizliklə gözləyirdik. Çətin olacağını bilirdik. Məşqlərimiz intensiv və yüksək səviyyədə keçdiyi üçün öz gücümüzə inanırdıq. Tam məsuliyyətli yanaşdıq və qalib gəldik”.
Qeyd edək ki, ilk 6 turda keçirdiyi oyunların hamısında qələbə qazanan “Qarabağ” 12 xalla çempionatın lideridir.

https://mail.qelebe.az//uploads/photo/qarabagin-kapitani-chempionat-evvelkinden-daha-chetin-kechir.webp











