Sərxan Hacıyev: "Avrokuboklardakı qələbələrin davamı sabah da gələcək"
"Bütün klublarımızdan qələbə gözləyirik. İlk matçda 3 təmsilçimizdən ikisi qalib gəldi. Bu, sevindirici haldır. Düşünürəm ki, qələbələrin davamı sabahkı görüşlərdə də gələcək".
Bunu "Report"a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev ölkə komandalarının avrokuboklardakı şanslarından danışarkən deyib.
O, "Qarabağ", "Neftçi" və "Sabah"a uğurlar arzuladığını bildirib: “Neftçi”nin rəqibi çox çətindir. Lakin Bakıdakı matçın ikinci hissəsini çox yaxşı keçirdilər. Ona görə də sabah onlardan gözəl oyun gözləyirik. Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, Bakıda bir gündə keçirilən 3 avrokubok qarşılaşmasının təşkilatçılığı yüksək səviyyədə idi. Bunun üçün həm klublar, həm də dövlət orqanları tərəfindən layiqli işlər görülmüşdü. Biz də AFFA olaraq onlara təşəkkürümüzü bildiririk".
Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyada HİK-in (ilk oyun 2:1) qonağı olacaq. UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi" Türkiyədə "Beşiktaş"la (ilk oyun 1:3), "Sabah" isə Serbiyada "Partizan"la (ilk oyun 2:0) üz-üzə gələcək. Hər üç qarşılaşma avqustun 17-də gerçəkləşəcək.

https://mail.qelebe.az//uploads/photo/serxan-haciyev-avrokuboklardaki-qelebelerin-davami-sabah-da-gelecek.webp











