Avropa Oyunları: Azərbaycanın iki karateçisi medalı təmin edib, ikisi uduzub - YENİLƏNİB-2
Azərbaycanın daha bir karateçisi Krakov-2023 III Avropa Oyunlarında medalı təmin edib.
“Report”un məlumatına görə, 84 kq-dan yuxarı çəkidə çıxış edən Asiman Qurbanlı yarımfinala vəsiqə qazanmaqla bunu bacarıb.
B qrupundakı ilk görüşündə ispaniyalı Babakar Sakoya 6:4 hesabı ilə qalib gələn 31 yaşlı idmançı növbəti qarşılaşmada gürcüstanlı Qoqita Arkania ilə bacarmayıb - 1:2. Son döyüşdə isə bosniya və herseqovinalı Anes Bostanjiçi 9:1 hesabı ilə məğlub edən Azərbaycan karateçisi adını yarımfinala yazdırıb.
Qadınlardan isə Fəridə Əliyeva (68) qrupdakı hər üç görüşünü uduzaraq, mübarizəni dayandırıb.
Azərbaycan karateçisi Fərid Ağayev Krakov-2023 III Avropa Oyunlarında mübarizəni dayandırıb.
“Report”un Polşaya ezam olunmuş əməkdaşının məlumatına görə, 21 yaşlı idmançı 75 kq çəki dərəcəsində yer aldığı B qrupundan yarımfinala yüksələ bilməyib.
İlk iki görüşündə müvafiq olaraq ukraynalı Andrey Zaplitnyi (1:2) və italiyalı Daniele De Vivoya (2:5) məğlub olan F.Ağayev portuqaliyalı Tiaqo Migel Qonçalveslə heç-heçə edib – 0:0.
Qeyd edək ki, qadın karateçi İrina Zaretska 68 kq çəki dərəcəsində qrupdakı hər üç görüşdə qələbə qazanaraq, yarımfinala yüksəlib və minimum bürünc medalı təmin edib.
Azərbaycan karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarında erməni rəqibi Anita Makyana (8:0) qalib gələrək, medalı təmin edib.
“Report”un Polşaya ezam olunmuş əməkdaşının məlumatına görə, 68 kq çəki dərəcəsində əvvəlcə ukraynalı Qalina Melniki (5:0) üstələyən dünya və Avropa çempionu ardıcıl ikinci qalibiyyət sayəsində yarımfinala yüksəlib.
O, üçüncü duelində ispaniyalı İzabel Nyetonu çətinliklə (4:3) məğlubiyyətə uğradıb. 27 yaşlı karateçi bununla minimum bürünc medalı təmin edib.
Qeyd edək ki, İrina Zaretska yarımfinal görüşünə Bakı vaxtı ilə saat 18:10-da çıxacaq. Onun rəqibi Fransa təmsilçisi Alize Agier olacaq.

https://mail.qelebe.az//uploads/photo/avropa-oyunlari-azerbaycanin-iki-karatechisi-medali-temin-edib-ikisi-uduzub-yenilenib-2.webp











